Şriftin ölçüsü:
Saytın rəngi:
AZƏRBAYCAN RESPUBLİKASI DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN
2017-Cİ İLDƏ FƏALİYYƏTİ BARƏDƏ
HESABAT
Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasətin nəticəsində hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər. Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə İslam və qeyri-islam dini icmaları və təriqətlər dini inanclarını azad və sərbəst şəkildə icra edirlər. Mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilmişdir. Ölkədə dövlət-din münasibətləri qanunlara, ən əsası, ölkə Konstitusiyasına, həmçinin dövlətin din sahəsində siyasəti beynəlxalq hüququn prinsipləri və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə əsaslanır. Azərbaycan hökuməti vətəndaşların əqidə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alır. Ölkənin hüquq sistemi ekstremizm təhlükəsinin real olduğu şəraitdə dini təşkilatlara kənardan təsiri məhdudlaşdırır, potensial təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycan hökumətinin vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbir və qərarlar öz müsbət bəhrələrini verməkdədir. Hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, ölkədə dini mövzularda beynəlxalq əhəmiyyətli konfranslar və görüşlər keçirilir.
Prezident İlham Əliyev ölkədə dini etiqad azadlığı və multimədəni harmoniyanın əsas təminatçısı və himayədarıdır. Müstəqilliyimizin ilk illərində Ulu Öndər Heydər Əliyev tərəfindən dövlət-din münasibətləri sahəsində irəli sürülən ideyaların bu günün reallıqları kontekstində oynadığı müsbət rol daha aydın görünür.
Heç şübhəsiz, ölkədə dini sabitliyin mövcudluğu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (bundan sonra DQİDK, Dövlət Komitəsi və ya Komitə) fəaliyyətinə də əlverişli şərait yaradır. Azərbaycan Respublikasının Konstitusiyasını, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də digər normativ-hüquqi aktları rəhbər tutan Dövlət Komitəsi dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və inkişafının təmin edilməsi istiqamətində fəaliyyətini 2017-ci ildə davam etdirmişdir.
Dini müstəvidə dövlət səviyyəsində görülən işlərin davamı kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il oktyabrın 10-da DQİDK-nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında müvafiq Fərman imzalamışdır. Milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən dövlət başçımızın bu addımı, eyni zamanda Dövlət Komitəsinə olan yüksək etimadın göstəricisidir.
DQİDK 2017-ci ildə İş Planına uyğun olaraq müvafiq tədbirlər həyata keçirmişdir. Bu tədbirləri həyata keçirərkən Dövlət Komitəsi fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə koordinasiya etmiş, hüquq-mühafizə, yerli icra hakimiyyəti orqanları, digər aidiyyəti dövlət qurumları, eləcə də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və başqa dini mərkəzlər ilə əməkdaşlığını davam etdirmişdir.
Dini durumun tənzimlənməsi və dini qurumlarla iş üzrə
2017-ci il ərzində respublikada dini durumun dərindən öyrənilməsi, dini proseslərin izlənilməsi, əsas tendensiyaların müəyyənləşdirilməsi, radikal dini cərəyanların fəaliyyətinin qarşısının alınması, ölkədə dini vəziyyətlə bağlı informasiya fondunun genişləndirilməsi, dini qurumlarla əməkdaşlığın qurulmasının təmin edilməsi və əlamətdar dini mərasimlərlə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir.
Ramazan ayı. DQİDK ötən ildə Ramazan ayı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi, ay boyunca dini durumun nəzarətdə saxlanılması, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlərin aparılması, qeyri-ənənəvi dini cərəyan və təriqətlərə mənsub dindarların üstünlük təşkil etdiyi məscidlərə xüsusi nəzarətin həyata keçirilməsi, həmin məscidlərlə bağlı aidiyyəti orqanların fəaliyyətinin Komitə ilə əlaqələndirilməsi istiqamətində tədbirləri mütəmadi olaraq davam etdirmişdir. Ramazan ayından öncə respublikanın əsas məscidlərinin axund və imamları, habelə dini icmaların sədrləri ilə müvafiq söhbətlər aparılmış, hər bir bölgənin yerli xüsusiyyətləri nəzərə alınmaqla qabaqlayıcı addımlar atılmışdır.
QMİ-nin Qazılar Şurası və Elmi-dini Şurasının verdiyi fətvaya əsasən, 2017-ci il 27 may tarixi Ramazan ayının birinci gününə, Fitr bayramı (Ramazan bayramı), yəni şəvval ayının 1-i miladi təqvimlə iyunun 26-na təsadüf etmişdir. Bundan başqa ay boyu icra olunacaq ibadətlərin vaxtları ilə bağlı QMİ və Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun xüsusi təqvim hazırlanmışdır. QMİ-nin rəsmi dini təqviminə uyğun fəaliyyət göstərməyən dini icmalara ciddi xəbərdarlıqlar edilmiş və sözügedən məsələ diqqət mərkəzində saxlanılmışdır.
Məhərrəmlik mərasimləri. DQİDK sədrinin 193 saylı, 18.09.2017-ci il tarixli əmri ilə Məhərrəmlik mərasimləri ilə bağlı Tədbirlər Planı hazırlanmış və həmin plana uyğun olaraq ardıcıl tədbirlər həyata keçirilməklə yanaşı, dini mərasimlərin QMİ-nin Məhərrəmliklə bağlı qəbul etdiyi fətvada irəli sürülmüş şəri qaydalar əsasında keçirilməsi istiqamətində İslam dini icmaların sədrləri, din xadimləri ilə müvafiq söhbətlər aparılmışdır. Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi istiqamətində həm QMİ, həm yerli icra hakimiyyətləri, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər həyata keçirilmişdir.
Hər il olduğu kimi 2017-ci ildə də Komitə QMİ tərəfindən keçirilən qanvermə aksiyasına xüsusi dəstək vermiş, dini icmalarda bununla bağlı təşviqat və təbliğat işlərini davam etdirmişdir. Cari ildə 10-u Bakı şəhərində, 10-u isə respublikanın böyük şəhər və rayonlarında olmaqla 20 yerdə qanvermə aksiyası keçirilmişdir. Görülən tədbirlər nəticəsində qanvermə aksiyasında artım müşahidə olunmuşdur. Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutundan verilən məlumata görə, Aşura günü keçirilmiş qanvermə aksiyasında 3827 nəfər qan vermiş və ümumilikdə 1722,3 litr qan toplanmışdır.
Son hesablamalara görə, ölkə ərazisində 2250 məscid mövcuddur. Bunlardan 210-u Naxçıvan Muxtar Respublikasının payına düşür (Dislokasiya üzrə 2040 məscid). 754 məscidin dini icması Dövlət Komitəsində qeydiyyatdan keçmişdir.
Ötən ildə dini təhsil sahəsində müsbət irəliləyişə nail olunmuşdur. Belə ki, 10 “İslam Kolleci” Dövlət Komitəsində qeydiyyata alınmışdır. Bunlar Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Heydər İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci, Şəki (hafizlik) İslam Kolleci, Əliabad İslam Kolleci, Şəbnəm (qızlar) İslam Kollecidir. Bu kolleclərin fəaliyyəti nəticəsində ölkəmizdə milli-dini kadrların hazırlanması istiqamətində irəliləyişlərə nail olunacağı gözlənilir. Dini təhsil müəssisələrində tariximiz, milli kökümüz, məzhəblərarası tolerant münasibətlər, multikultural və İslam vəhdəti prinsiplərinin sistemli şəkildə tələbələrə çatdırılması planlaşdırılır.
Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatın satışını həyata keçirən mağazalarla da bağlı müvafiq reydlər keçirilmişdir. DQİDK-nın və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə Lənkəran şəhərində 4, Gəncə şəhərində 1, Sumqayıt şəhərində 1, Göyçay rayonunda 1, Tərtər rayonunda 1, Kürdəmir rayonunda 1, Bərdə rayonunda 2 və Şirvan şəhərində 2 mağazada reydlər keçirilmişdir. Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilmiş və inzibati cəza tədbirləri seçilmişdir.
Qeyri-müsəlman dini icmalarla iş. Hesabat dövrü ərzində Bakı şəhərində fəaliyyət göstərən sinaqoq, kilsə və dua evlərində, eləcə də bəhailərin, krişnaçıların ibadət yerlərində müntəzəm monitorinqlərin aparılması, protestantların bazar günü ibadətlərinə nəzarət olunması, mövcud olan qeyri-müsəlman icmalarla bağlı məlumat bankının yenilənməsi və mütəmadi olaraq məlumatların dəqiqləşdirilməsi prosesi həyata keçirilmişdir. Son statistikaya əsasən respublika ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. 28 qeyri-islam təmayüllü dini qurum DQİDK-da dövlət qeydiyyatına alınmışdır. Qeyri-islamlardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai, 1-i isə Krişna Şüuru icmasına mənsubdur.
Bundan başqa Azərbaycanda mövcud olan qeyri-islam dua evlərinin (kilsələr istisna olmaqla) rayonlar üzrə saylarının dəqiqləşdirilməsi, onların fotoşəkillərinin məlumat bazasına daxil edilməsi, sahələrinin müəyyənləşdirilməsi istiqamətində də iş aparılmışdır. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur.
Eyni zamanda qeyri-müsəlman dini icmaların da bayram və əlamətdar günlərinin icrası ilə bağlı lazımi şərait yaradılmış və ümumi nəzarət tədbirləri davam etdirilmişdir. Belə ki, Milad, Pasxa, Purim, Pesax, Şavuot, Roş-ha-şana və s. bu kimi bayram tədbirləri qeyri-müsəlman icmalar tərəfindən yüksək şəkildə qeyd olunmuşdur.
Ənənəvi olaraq Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası tərəfindən Qız qalasının yanında Müqəddəs Varfolomeyin şərəfinə anım mərasiminin, eləcə də Qax rayonunda yerləşən Gürcü pravoslav xristian dini icmalarının “Müqəddəs Nino”, “Müqəddəs Georgi”, “Kürmükoba” və s. dini əlamətdar bayramlarının qeyd edilməsi üçün dini icmalara müvafiq şəraitin yaradılması ilə bağlı lazımi tədbirlər görülmüşdür.
Bundan başqa keçən ilin oktyabr ayında Bakı, Gəncə və Sumqayıt şəhərlərində, eləcə də İsmayıllı və Oğuz rayonlarında Bəhai dininin banisi Bəhaullahın anadan olmasının 200 illik yubileyi ilə bağlı təbirlərin keçirilməsi ilə bağlı Bəhai dini icmasına müvafiq köməklik göstərilmişdir. 24 noyabr tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında Beynəlxalq Bibliya Gününün qeyd olunması üçün müvafiq işlər görülmüşdür. Qeyd edək ki, “Beynəlxalq Bibliya Günü” həm Alban-Udi, rus pravoslav, katolik, həm də müxtəlif protestant dini icmaların təşəbbüsü ilə keçirilmişdir.
Hesabat dövrü ərzində dini icmalarda dövlətçilik və vətənpərvərlik hisslərinin gücləndirilməsi sahəsində də müvafiq işlər görülmüşdür. Belə ki, 20 Yanvar faciəsinin ildönümü ərəfəsində ölkədə fəaliyyət göstərən dini qurumlara ibadət evlərində din xadimləri tərəfindən vətənpərvərlik hisslərinin təbliği məqsədilə moizə və xütbələrin verilməsi, şəhidlərimizin ruhlarına dualar oxunması tövsiyə edilmişdir. Eyni zamanda Xocalı faciəsinin, eləcə də 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün ölkə dindarları tərəfindən qeyd olunması, bu faciələr barədə həqiqətlərin insanlara, xüsusən gənc nəslə çatdırılması üçün dini icmalarla yaxından əməkdaşlıq edilmişdir.
Hüquq və qeydiyyat üzrə
2017-ci ildə dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilmiş, onların ümumi sayı 793-ə çatmışdır. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 765-i İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.
Ötən ildə dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 78 müraciət (67 dini icma, 11 dini kollec) daxil olmuşdur. Bunlardan 1 təhsil müəssisəsinin, 14 dini icmanın sənədi qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılmış, 20 dini icmanın sənədləri yoxlanış mərhələsindədir.
Hesabat dövrü ərzində təsis sənədlərində dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı 62 müraciət daxil olmuş, bunlardan 50 dini qurumun təsis sənədlərində edilmiş dəyişikliklər dövlət qeydiyyatına alınaraq Dini qurumların dövlət reyestrinə daxil edilmişdir (44-ü islam təmayüllü, 6-sı qeyri-islam).
Dövlət qeydiyyatına alınmış 22 dini icma ləğv edilməsi barədə məlumatın dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmişdir, 19 dini qurumun ləğv edilməsi barədə məlumat Dini qurumların dövlət reyestrinə daxil edilmişdir. 3 dini icmanın sənədi qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılmışdır.
Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqəsinin yaradılması ilə əlaqədar 30 müraciət daxil olmuş, 9 ixtisaslaşdırılmış satış məntəqəsinə razılıq verilmişdir. 19 ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar sənədlər qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarılmış, 2 ixtisaslaşdırılmış satış məntəqəsinə razılığın verilməsindən imtina edilmişdir.
Həmçinin Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış dini qurumların məlumat bankı hazırlanmışdır ki, həmin “bankdan” istifadə etməklə dini qurumun adı, qeydiyyat nömrəsi, qeydiyyat tarixi, hüquqi ünvanı, təsisçiləri, sədri, eləcə də dini qurumun məqsəd və vəzifələri haqqında operativ məlumat almaq olar.
Dini qurumların məlumat bankına, Elektron Hökümət Portalına, Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə və Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlar daxil edilmişdir.
Dinşünaslıq ekspertizası üzrə
Ölkə xaricindən qaynaqlanan müəyyən radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan təriqətlərin dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə ölkəyə dini ədəbiyyatın idxalına, çapına və yayılmasına xüsusi önəm verdiyi nəzərə alınaraq, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq qabaqlayıcı işlər görülmüşdür.
Hesabat dövrü ərzində ümumilikdə 1540 adda dini məzmunlu ədəbiyyatın idxal edilməsi məsələsinə baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınmışdır.
Nəşr olunmaq məqsədilə ekspertizaya təqdim edilmiş 313 adda dini ədəbiyyatın 4-nün çapı məqsədəuyğun sayılmamışdır.
Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilmiş, 613 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilmişdir.
Dini ədəbiyyatlara, mal və məmulatlara və məlumat materiallarına tətbiq olunması prosedurunu hüquqi müstəvidə əks etdirən “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları” haqqında Nazirlər Kabinetinin 191 saylı 9 iyun 2014-cü il tarixli Qərarına əsasən dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanmasının müvafiq qaydada uçotu da həyata keçirilmişdir.
Bunlarla yanaşı, hüquq-mühafizə orqanları ilə birgə respublikanın şəhər və rayonlarında dini ədəbiyyatın satışını həyata keçirən mağazalara və müvafiq obyektlərə baxışların keçirilməsi işi davam etdirilmiş, müvafiq razılıq alınmadan ölkəyə gətirilmiş və ya istehsal olunmuş zərərli dini ədəbiyyatın yayılmasının qarşısı alınmışdır. Belə ki, hüquq-mühafizə orqanları tərəfindən ekspertiza məqsədilə təqdim edilmiş 2106 adda dini təyinatlı ədəbiyyata baxılaraq, onlardan 99-nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilmişdir.
Martın 3-də Dövlət Təhlükəsizlik Xidməti, ASAN xidmət, Azərbaycan Gənclər Fondu, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və DQİDK-nın təşkilatçılığı ilə DTX-nın Mədəniyyət Mərkəzində “Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda keçirilən konfransdan öncə “Biz terrora “yox” deyirik” mövzusunda uşaqların və yeniyetmələrin rəsm işləri ilə yanaşı, Dövlət Komitəsinin nəşr etdirdiyi müvafiq ədəbiyyat və təbliğat vasitələrinin sərgisi təşkil olunmuşdur.
28-30 sentyabrda Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında Dövlət Komitəsi üçün ayrıca stend ayrılmış, Komitənin çoxsaylı nəşrləri üç gün ərzində nümayiş etdirilmiş və kitablar iştirakçılara pulsuz paylanılmışdır.
Eyni zamanda dekabrın 20-də “Qafqaz Point” Oteldə Dövlət Komitəsinin nəşrlərinin sərgisi təşkil edilmişdir. Sərgidə iştirakçılara ədəbiyyatlar barədə məlumat verilmiş, sərginin sonunda həmin kitab nümunələrindən iştirakçılara hədiyyə edilmişdir.
Dövlət Komitəsi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən məscidləri yenidən elm ocağına çevirmək, ziya mərkəzi halına gətirib həm dünyəvi, həm də dini bilikləri ilə əsl intelekt yetişdirmək məqsədilə "Məscid kitabxanaları" layihəsinə başlanılmışdır. Martın 22-də “İslam Həmrəyliyi İli” ilə bağlı bölgələrdə həyata keçirilən tədbirlər çərçivəsində Lənkəran rayonu Cil kənd “Hüseyniyyə”, Astara rayonu Pensər kənd “Cümə” və Pensər kənd “Hacı Teymur” Cümə məscidlərinə müxtəlif adlarda kitablar hədiyyə olunmuşdur.
Ötən ildə Dövlət Komitəsi tərəfindən maarifləndirici xarakterli 80-dən çox dini təyinatlı çap məhsulları hazırlanmışdır. Müxtəlif dini və ictimai mövzuları əhatə edən bu ədəbiyyat nümunələri içərisində “Dini radikalizmlə mübarizə: İslamdan “müsəlmana” qədər”, “Dövlət, Din və Cəmiyyət: Dövlət-din münasibətlərinin müqayisəli təhlili”, “Mehriban Əliyeva: “Dini və etnik dözümlülük bizim sərvətimizdir””, “İşğal altındakı tarixi dini abidələrimiz”, “İslam mədəniyyəti: dini radikalizmə alternativ kimi”, “Azərbaycanda Xristianlıq: keçmişdən bu günə”, “Dini ədəbiyyat: mənəviyyatın, yoxsa ekstremizmin təbliğat vasitəsi kimi”, “Azərbaycançılıq məfkurəsi: milli-mənəvi dəyərlərin başlıca prinsiplərindən biri kimi”, “Dinin siyasiləşməsi: siyasi və ideoloji təhlükə kimi” və s. qeyd edə bilərik.
Təhlil və proqnozlaşdırma üzrə
Hesabat dövrü ərzində ölkədə dini durumun öyrənilməsi, radikal qeyri-ənənəvi cərəyanların təbliğat fəaliyyətinin araşdırılması və bu fəaliyyət fonunda baş verə biləcək mümkün təhdid ehtimallarının təhlil edilməsi işi davam etdirilmişdir. Daxil olan məlumatların sistemləşdirilməsi həyata keçirilmiş, həmin məlumatlar əsasında müxtəlif istiqamətlər, mövzular üzrə təhlil və proqnozlaşdırma işi təşkil edilmişdir.
Dini maarifləndirmə üzrə
2017-ci ildə Dövlət Komitəsi milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planının həyata keçirilməsi, dini maarifləndirmə sahəsində tədbirlərin təşkil edilməsi istiqamətində fəaliyyətini davam etdirmişdir.
Ayrıca və digər qurumlarla birgə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirilmiş, 55000-dən artıq insanın iştirak etdiyi bu tədbirlərdə rayon icra hakimiyyətləri, təhsil müəssisələri, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, rayonlarda yerləşən Heydər Əliyev Mərkəzləri, Yeni Azərbaycan Partiyası (YAP), YAP-ın Gənclər Birliyi, eləcə də hüquq-mühafizə orqanları və Azərbaycan Respublikasının Silahlı Qüvvələri ilə yaxından əməkdaşlıq edilmişdir.
Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Sərhəd Xidməti və Daxili Qoşunların hərbi birliklərində, həmçinin Azərbaycan Dövlət Pedaqoji Kollecində, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyi, “Azneft” İstehsalat Birliyi və Nəqliyyat İdarəsinin, “BP” şirkətinin, eləcə də Bakı Metropoliteninin rəhbər heyəti və əməkdaşlarının iştirakı ilə maarifləndirici görüşlər keçirilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və DQİDK-nın dini ekstremizmə qarşı mübarizəyə dair 2017-ci il üçün birgə Tədbirlər Planı çərçivəsində “Dini ekstremizm və radikalizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda Zaqatala, Göyçay, Yevlax, Göygöl, Lənkəran, Ağdam, Salyan, Xəzər, Nizami, Nəsimi rayonlarında regional müşavirələr keçirilmişdir. Eləcə də “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda 34 seminar-treninq təşkil olunmuşdur.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış Tədbirlər Planı çərçivəsində cəzaçəkmə müəssisələrində məhkumların vicdan və dini etiqad azadlıqlarına dair maarifləndirmə işinin aparılması məqsədilə 35 tədbir baş tutmuşdur.
Eləcə də təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, onların milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında Dövlət Komitəsi ilə Təhsil Nazirliyi arasında imzalanmış Tədbirlər Planı çərçivəsində 270-dən artıq birgə tədbir keçirilmişdir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi ilə imzalanmış Tədbirlər Planı çərçivəsində gənclərin dini maarifləndirilməsi işinin təşkili istiqamətində isə 3 tədbir təşkil olunmuşdur.
“Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” mövzusunda Zaqatala, Biləsuvar, Şabran və Xaçmaz rayonlarında regional konfranslar keçirilmişdir.
KİV-in təmsilçiləri arasında “Milli-mənəvi dəyərlər və müasirlik” mövzularında yazı müsabiqəsi təşkil edilmiş, eyni zamanda media nümayəndələri üçün Quba rayonunda “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda 3 günlük seminar-treninq keçirilmişdir.
Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 27 noyabr 2014-cü il tarixli Sərəncama uyğun olaraq, Prezidentin ehtiyat fondundan Dövlət Komitəsinə ayrılmış 2.5 milyon manat vəsait hesabına ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmaların təqdim etdiyi layihələrin hazırlanması işində dini icmalara metodiki köməkliyin göstərilməsi davam etdirilmişdir. Belə ki, cari ildə sərəncamda göstərilən istiqamətlər üzrə maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi layihələrin ideoloji baxımdan dəyərləndirilməsi həyata keçirilmiş və 149 layihənin hazırlanmasına metodiki dəstək verilmişdir. Məlumat üçün qeyd edək ki, indiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 286 layihə maliyyələşdirilmişdir.
Qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi müxtəlif layihələrdə də aktivlik nümayiş etdirilmiş, “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin “İslam həmrəyliyinin Azərbaycan modelinin təbliğinə dair tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində, eləcə də Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti tərəfindən Xaçmaz, Zaqatala və Masallı rayonlarında “Dini ekstremizmə və xurafatçılığa qarşı mübarizədə qadınların rolu” mövzusunda keçirilmiş silsilə tədbirlərdə geniş məruzələr olunmuşdur. Habelə “Aydınlığa doğru” İctimai Birliyi tərəfindən Bakı şəhərinin orta məktəblərində “İslam həmrəyliyi” layihəsi çərçivəsində şagirdlər arasında dini mövzuda bilik yarışlarının təşkili işində iştirak edilmişdir.
İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 18 may - 18 iyun tarixləri ərzində elan etdiyi “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquqlarının təbliği, din sahəsində dözümlülüyün, dinlərarası dialoqun gücləndirilməsi, ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin möhkəmləndirilməsi məqsədilə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində, Bərdə, Balakən, Kürdəmir, Şəki, Lənkəran, Masallı və Gədəbəy rayonlarında müxtəlif tədbirlər keçirilmişdir.
Analoji olaraq 2017-ci ilin 21 avqust–21 sentyabr tarixlərində “Sülh aylığı” çərçivəsində sülh və insan hüquqlarının təbliği ilə bağlı “Dindarlar sülhün carçısı kimi”, “İslamda sülh və tolerantlıq”, “Azərbaycanda sülh və həmrəylik”, “Sülh prizmasından vətəndaşların hüquq və azadlıqları”, “Dinimizdə sülhün mahiyyəti”, “İslamda sülh və vəhdət missiyası” və s. bu kimi mövzulara həsr edilmiş tədbirlər Şamaxı, Saatlı, Tovuz, Lənkəran, Siyəzən və s. rayonlarında keçirilmişdir.
Bundan başqa Dövlət Komitəsi rayon icra hakimiyyətləri, təhsil idarələri, idman və gənclər idarələri, digər aidiyyəti dövlət qurumları, eləcə də qeyri-hökumət təşkilatları ilə birgə 20 oktyabr – 20 noyabr tarixləri ərzində “Uşaq hüquqları aylığı” çərçivəsində müxtəlif səpgili tədbirlər həyata keçirmişdir. Bakı, Sumqayıt, Zərdab, Mingəçevir, Hacıqabul, Saatlı, Lənkəran, İsmayıllı, Yardımlı, Masallı, Astara, Lerik, Qazax, Füzuli və s. şəhər və rayonlarda keçirilən tədbirlərdə “Uşaqlar ailənin möhkəmliyi və xalqın gələcəyidir”, “Çağdaş cəmiyyətimizdə uşaqların tərbiyə və təhsil hüquqlarının qorunması”, “Milli-mənəvi dəyərlərimizdə uşaq hüquqları”, “Sizin hüquq, vəzifə və məsuliyyətiniz”, “Uşaq hüquqlarının qorunması milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi”, “Dinimiz və uşaq hüquqları”, “Uşaqlar gələcəyimizdir: Gələcəyimizi qoruyaq” və s. bu kimi mövzular istiqamətində məruzələr edilmiş, söhbətlər aparılmışdır.
2016-cı ildə olduğu kimi 2017-ci ildə də Dövlət Komitəsi maarifləndirici xarakterli sənədli filmlərin çəkilməsi işinə diqqət ayrımışdır. Belə ki, dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv mahiyyət daşıyan, eləcə də gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verə biləcək “Şəhadət” filminin təqdimat mərasimi keçirilmişdir. Hazırda bu film ölkənin bütün rayon və bölgələrində geniş auditoriyaya təqdim edilir. Eləcə də “Vəhdət” və “Üfüqdəki gələcək” adlı sənədli filmlərin lentə alınması işləri yekunlaşmaq üzrədir.
Hazırda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı hazırladığı Tədbirlər Planına uyğun olaraq “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din siyasəti” mövzusunda kitabın hazırlanması üzərində işlər gedir.
2017-ci ildə maarifləndirmə sahəsində işlər Dövlət Komitəsinin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti, həmçinin İTV kanalında yayımlanan “Cəmiyyət və Din”, SPACE telekanalında yayımlanan “İnam” verilişləri vasitəsi ilə də həyata keçirilmişdir. Ötən il ərzində “Dövlət və Din” ictimai fikir toplusunun 6 (ümumilikdə 53), “Cəmiyyət və Din” qəzetinin isə 12 (ümumilikdə 317) sayı çap olunmuşdur. Nəşrlərdə dövlət başçısının ölkəmizin din sahəsinə diqqət və qayğısı geniş şəkildə işıqlandırılmış, dövlət-din münasibətləri, dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin, ölkəmizdəki multikultural və tolerantlıq mühitinin təbliği ilə bağlı maarifçilik işi aparılmış, dini radikalizm, ekstremizm və məzhəb təəssübkeşliyinin, dinin siyasi alətə çevrilməsi cəhdlərinin fəsadları barədə müəllif yazıları diqqətə çatdırılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan olunması nəzərə alınaraq, İslam həmrəyliyi ilə bağlı məqalələr dərc olunmuşdur.
“İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilmiş tədbirlər
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsi ayrıca və müxtəlif təşkilatlarla, xüsusilə QMİ ilə birgə 200-dən artıq ölkə və beynəlxalq əhəmiyyətli tədbirə təşkilatçılıq etmişdir.
Hesabat dövrü ərzində “İslam həmrəyliyi sülhə çağırışdır”, “İslam həmrəyliyi İslamda birgəyaşayış ənənələrinə xidmət edir”, “İslam Həmrəyliyinin əhəmiyyəti”, “İslamda həmrəyliyə və tolerantlığa çağırış”, “Dini radikalizm İslam həmrəyliyinə təhdiddir”, “İslam Həmrəyliyi İli”ndə üzərimizə düşən vəzifələr”, “İslam həmrəyliyi: tolerantlıq və İslam mədəniyyəti”, “Vətənpərvərlik milli-mənəvi dəyərimiz kimi” “Azərbaycan cəmiyyətində İslam həmrəyliyi”, “Milli-mənəvi dəyərlər və İslam həmrəyliyi”, “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi”, “Azərbaycan cəmiyyətində İslam həmrəyliyi”, “İslam həmrəyliyi müsəlman ölkələrinin qlobal təhdidlər qarşısında dayanıqlığının təminatçısı kimi”, “İslam həmrəyliyi sülh və bəşəri dəyərlərə sadiqlik simvoludur”, “İslam həmrəyliyinin radikallığın qarşısının alınmasında oynadığı rol” və s. mövzularda respublikanın bütün bölgələrində 240-dan artıq tədbir təşkil edilmişdir.
Bakı şəhərində “Heydər Əliyev siyasəti və İslam həmrəyliyi”, “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi - 16: nəticələr və perspektivlər”, “İslam həmrəyliyi: reallıq və təcrübə”, “İslam həmrəyliyi – Azərbaycandan çağırış”, “İslam həmrəyliyi: dini radikalizm və ekstremizmə qarşı mübarizə yolu”, “Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru”, “İslam dünyası: dünən, bu gün, sabah”, “Milli-mənəvi dəyərlərimizin təbliği: dünən, bu gün və sabah”, “İslam həmrəyliyi – Azərbaycan örnəyi”, “Tolerantlıq örnəyi – Azərbaycan”, “Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru”, “Dini maarifləndirmə işi: mövcud vəziyyət və imkanlar”, “Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf”, "İslam Həmrəyliyi İli – 2017: uğurlar və perspektivlər", Quba rayonunda “Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması”, “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzularında konfranslar təşkil olunmuşdur.
Bunlarla yanaşı, “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda 25 regional konfrans (Abşeron, Ucar, Mingəçevir (2), Qobustan, Şəki, Şirvan, Şabran, Ağdam, Tovuz, Şəmkir, Zərdab, Oğuz, Qəbələ, Lerik, Yardımlı, Qax, Samux, Gədəbəy, Ağdaş, Masallı, Astara, Sabirabad, Neftçala və Yevlax rayon və şəhərlərində) təşkil edilmişdir.
“İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda 27 seminar-müşavirə (Goranboy, Gəncə, Masallı, Lənkəran, Göyçay, Ucar, Lerik, Quba, Qusar, Gədəbəy, Saatlı, Sabirabad, Ağstafa, Zaqatala, Balakən, Şəmkir, Daşkəsən, Tovuz, Oğuz, Şəki, Qax, Qəbələ, İsmayıllı, Şamaxı, Ağdam, Bərdə və Mingəçevir rayon və şəhərlərində) keçirilmişdir.
Həmçinin QMİ, Azərbaycan Milli Elmlər Akademiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi, Azərbaycan Respublikası yanında Bilik Fondu, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mətbuat Şurası ilə birgə “İslam həmrəyliyi – zamanın çağırışı”, “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası”, “Gücümüz həmrəyliyimizdədir”, “İslam həmrəyliyi ümumbəşəri dəyərlər kontekstində”, “İslam həmrəyliyi və ailə dəyərlərinin təbliği”, “İslam həmrəyliyi və media” mövzularında ölkədaxili və beynəlxalq konfranslar, seminarlar təşkil edilmişdir.
Keçən il sentyabr ayının 15-də Dövlət Komitəsinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi ili”nə və 15 sentyabr - Bilik Gününə həsr edilmiş “Heydər Əliyev İslam həmrəyliyi ideyasının banisidir” mövzusunda tanınmış elm xadimlərinin, deputatların və jurnalistlərin ölkənin müxtəlif elm-təhsil müəssisələrində mühazirələri və maarifləndirici görüşləri təşkil olunmuşdur. Həmçinin dini icmalar arasında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda yazı müsabiqəsi keçirilmişdir.
“İslam Həmrəyliyi İli” çərçivəsində, habelə 4-6 may tarixlərində Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində DQİDK-nın təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda Dinlərarası Harmoniya” adlı panel və “Azərbaycan-İslam Mədəniyyətinin İncisi” adlı foto-sərgi təşkili edilmişdir.
Dekabrın 6-da Dövlət Komitəsinin və QMİ-nin birgə təşkilatçılığı ilə 2018-ci ildə İslam Mədəniyyətinin paytaxtı elan edilən Naxçıvanda “Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilmişdir. Milli Məclis üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyətinin iştirak etdiyi konfransda xalqımız və ölkəmizin mənafeyi naminə qəbul edilmiş tarixi əhəmiyyətli qərarların bünövrəsində duran Heydər Əliyevin uca mənəviyyat yolu, dini həmrəylik ənənəsi yad edilmişdir.
Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, “İslam Həmrəyliyi ili” çərçivəsində Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti”, “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında”, “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında”, “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında”, “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” və "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi" mövzularında Finlandiyada, İran İslam Respublikasında, Türkiyədə, Özbəkistanda, İspaniyada və Rusiyada beynəlxalq konfranslar keçirilmişdir. Bu konfransların təşkilində əsas məqsəd dünyada sülhün və ümumi rifahın bərqərar edilməsi üçün olkələr arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinə bir daha diqqətin ayrılmasıdır.
Hər iki qurumun birgə təşkilatçılığı ilə dekabrın 21-də Bakıda 40-a yaxın ölkədən 150-dək nümayəndənin, o cümlədən tanınmış dövlət, din və elm xadimlərinin, 8 beynəlxalq təşkilat rəhbərinin, hökumət və parlament üzvlərinin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” adlı beynəlxalq konfrans keçirilmişdir.
Dekabrın 27-də Bakıda deputatların, QMİ-nin rəhbər şəxslərinin və kütləvi informasiya vasitələrinin təmsilçilərinin iştirakı, DQİDK, Azərbaycan Mətbuat Şurası və Bakı şəhər "Məşədi Dadaş" məscidi dini icmasının təşkilatçılığı ilə “Söz azadlığı və dini icmalar” mövzusunda konfrans keçirilmişdir. Tədbir mətbuatla ölkəmizdə fəaliyyət göstərən dini icmalar arasındakı əlaqələrin müzakirə edilməsi və təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdir. Konfransın sonunda KİV-in təmsilçiləri arasında “İslam həmrəyliyi və media” mövzusunda elan edilən məqalə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.
Eyni zamanda 2017-ci ilin ölkədə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq, uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Qısa İslam ensiklopediyası”nın hazırlanması işi yekunlaşdırılmış, çap üçün mətbəəyə göndərilmişdir.
Dövlət Komitəsinin rəsmi veb səhifəsində “İslam həmrəyliyi” bölməsi yaradılmış və mütəmadi olaraq yenilənmişdir.
Xarici əlaqələr üzrə
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər planına uyğun olaraq ölkəmizin tolerantlıq təcrübəsi və multikultural ənənələrinin yayılması, İslam həmrəyliyinin gücləndirilməsi, radikal dini qruplar və təriqətlərə qarşı davamlı mübarizə aparılması, Ermənistanın təcavüzkarlıq siyasətinin pislənilməsi məqsədilə beynəlxalq miqyasda təbliğat xarakterli tədbirlər planlı şəkildə davam etdirilmişdir. Dövlət Komitəsinin mövcud xarici əlaqələri genişləndirilmiş, beynəlxalq təşkilatlar və analoji qurumlarla münasibətlərin qurulması prosesi sürətləndirilmişdir.
DQİDK rəhbərliyi səviyyəsində xarici ölkələrə edilmiş səfərlər zamanı dövlət və hökumət rəsmiləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər yüksək səviyyəli rəsmi şəxslərlə çoxsaylı, əhəmiyyətli görüşlər keçirilmiş, mühüm müzakirələr aparılmışdır.
Ötən il yanvar ayının 24-də Dövlət Komitəsinin sədri İran İslam Respublikasının Məşhəd şəhərinin 2017-ci ildə “İslam mədəniyyətinin paytaxtı” elan edilməsinə dair keçirilmiş açılış mərasimində, 5-6 aprel tarixlərində isə Azərbaycan Respublikası nümayəndə heyətinin tərkibində İstanbul şəhərində keçirilən XX Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmişdir.
26-30 aprel tarixlərində Komitə sədri Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin təşkilatçılığı ilə Finlandiyanın Helsinki şəhərində “İslam Həmrəyliyi İli” çərçivəsində “Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün sözügedən ölkəyə səfər etmişdir.
Azərbaycan Respublikasında elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində avqustun 6-da DQİDK-nın sədri Tehranda QMİ, DQİDK, İran İslam Respublikasının İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyası, eləcə də Mədəniyyət və İslam Əlaqələri Təşkilatı ilə birgə təşkil olunmuş “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfransda iştirak etmişdir.
Sentyabrın 25-də DQİDK-nın sədri və sədr müavini İstanbul şəhərində “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda, oktyabrın 21-22-də Daşkənddə keçirilən “İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında” mövzusunda keçirilən beynəlxalq konfranslarda iştirak etmişdir.
28 oktyabr-3 noyabr tarixlərində DQİDK-nın sədri Səudiyyə Ərəbistanı Krallığının İslam Əlaqələri, Vəqfləri, Dəvət və İrşad naziri Saleh bin Əbdüləziz bin Məhəmməd Al əş-Şeyxin dəvəti ilə sözügedən ölkədə işgüzar səfərdə olmuş, səfər çərçivəsində Müsəlman Dünyası Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsa, İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Useymi ilə görüşlər keçirmişdir. Keçirilən görüşlərdə Komitə sədri “EXPO-2025” Beynəlxalq sərgisinin Azərbaycanda keçirilməsi üçün ölkəmizin namizədliyinin dəstəklənməsi istiqamətində İƏT-ə üzv dövlətlər tərəfindən lazımi dəstəyin göstərilməsi ilə bağlı müzakirələr aparmışdır.
Noyabrın 6-7-də DQİDK-nın sədri Evsen fondunun təşkilatçılığı ilə İspaniyanın Madrid şəhərində təşkil edilmiş “Dinlər, Sülh və Harmoniya” üzrə II Beynəlxalq Konfransında, noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində “Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və İslam həmrəyliyi” mövzusunda keçirilən konfranslarda iştirak etmişdir.
Hesabat dövrü ərzində DQİDK-nın sədri Rumıniya, Qətər, İsveçrə dövlətlərinin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, Mərakeş Krallığının, Amerika və Meksika Birləşmiş Ştatları və Gürcüstan Respublikasının ölkəmizdə akkreditə olunmuş səfirlərini qəbul etmiş, qarşılıqlı əməkdaşlığın inkişafı və əlaqələrin genişləndirilməsi məqsədi ilə Türkiyə, Qazaxıstan, Pakistan, İsveç, ABŞ, Avstriya, Özbəkistan və Gürcüstandan gəlmiş nümayəndə heyətləri ilə görüşmüşdür.
Dövlət Komitəsinin digər rəhbər şəxsləri, əməkdaşları beynəlxalq konfrans və görüşlərdə iştirak etmək məqsədilə İsveçrə, Belçika, Almaniya, Polşa, Malayziya, Avstriya və Qırğız Respublikasında xidməti ezamiyyətdə olmuşlar.
Belə ki, 29 mart tarixində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyinin təşəbbüsü və sözügedən ölkənin “Dinlər Evi – Mədəniyyətlərin Dialoqu” qurumunun təşkilatçılığı ilə Bern şəhərində “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” mövzusunda keçirilən konfransda iştirak etmək üçün səfər edən Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən DQİDK sədrinin birinci müavini və digər nümayəndələrin səfərlərinin təşkili və müvafiq əlaqələndirmə həyata keçirilmişdir.
DQİDK sədrinin birinci müavini 28-29 sentyabr tarixlərində Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “Müasir dünyəvi dövlətdə İslam” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmişdir.
26 sentyabr tarixində Avropa İttifaqı (Aİ) və DQİDK-nın birgə layihəsi çərçivəsində Komitə sədrinin müavininin rəhbərlik etdiyi dini icma rəhbərlərindən ibarət Azərbaycan nümayəndə heyəti Brüsseldə səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Aİ-nin Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliard, Avropa Parlamentinin birinci vitse-prezidenti xanım Mayrid MakGinnes, Avropa Parlamentinin deputatı Səccad Kərim, Avropa Parlamentinin Avropa Xalq Partiyasını təmsil edən deputatları Jelyana Zovko, Gyorgi Holveni və Yan Olbraytla görüşlər keçirilmişdir.
Qeyd edilənlərlə yanaşı, 2017-ci ildə dünyada mövcud olan dini vəziyyətlə bağlı beynəlxalq təşkilatların, o cümlədən Dini etiqad azadlığı haqqında ABŞ Dövlət Departamentinin və Beynəlxalq Din azadlığı haqqında ABŞ Komissiyasının hesabatlarındakı ölkəmizlə bağlı müddəalara müvafiq şərhlər və cavablar verilmişdir.
Həmçinin ölkəmizin toleranlıq və multikultural dəyərlərinin beynəlxalq miqyasda təbliğ edilməsi məqsədilə “Müsəlman Dünyası Bu Gün” (Muslim World Today) adlı internet platformasında və “Yerusəlim Post” internet qəzetində bir sıra yazı və məqalələr dərc edilmişdir.
İsveçin nüfuzlu “Mission” jurnalının 2017-ci ildəki 4-cü sayında müəllif Rüne Borqso tərəfindən “Bakıda yeni dövr” başlıqlı məqalə dərc edilmişdir. Məqalədə Bakıda yerləşən “Həyat sözü” kilsəsinin inkişaf tarixindən, Dağlıq Qarabağ uğrunda erməni tərəfi ilə döyüşlərin baş verməsi ilə başlayan və uzun müddət davam edən ardıcıl sınaqlardan bəhs olunur, Ermənistanın işğalı nəticəsində minlərlə insanın öldürüldüyü, bir milyon insanın öz yurdundan didərgin düşdüyü diqqətə çatdırılır.
İctimaiyyətlə əlaqələr və KİV ilə iş üzrə
Hesabat ili ərzində Dövlət Komitəsinin sədri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq 12 şəhər və rayonda (Xırdalan, Ucar, Şabran, Qobustan, Ağdam rayonu Quzanlı qəsəbəsi, Qəbələ, Lerik, Samux, Masallı, Sabirabad, Neftçala, Yevlax) qəbul keçirmişdir. Qəbullarda əsasən dini icmaların dövlət qeydiyyatı, dini icmalara maliyyə yardımının ayrılması, məscid və dini icmaların kitablarla təmin edilməsi, Quran kurslarının təşkili, məscidlərin təmiri, dini məzmunlu məhsulların satışı üzrə ixtisaslaşdırılmış məntəqələrin yaradılmasına razılıq verilməsi və s. məsələlər müzakirə olunmuşdur. Qəbulda iştirak etmiş vətəndaşların müraciətlərinin bəziləri yerində həll edilmiş, həlli yerində mümkün olmayan məsələlər isə nəzarətə götürülmüşdür. Bununla yanaşı, Dövlət Komitəsinin vəzifəli şəxsləri və əməkdaşları hər gün məhdudiyyət qoyulmadan vətəndaşları qəbul etmiş, şikayətlərin dərhal və yerindəcə araşdırılması işinə diqqəti daha da artırmışlar.
Noyabrın 27-29 tarixlərində Qubada “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda üçgünlük seminar-treninq təşkil olunmuş və seminar-treninqdə jurnalistlərin iştirakı təmin edilmişdir. Seminar-treninq KİV-in milli-mənəvi, dini dəyərlərimizin, multikultural və tolerant ənənələrimizin qorunması və təbliği prosesinə cəlb edilməsi, həmçinin dini mövzuda yazan jurnalistlərin maarifləndirilməsi məqsədi daşımışdır.
Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının icrası barədə 2017-ci il üzrə hesabat hazırlanmış, Dövlət Komitəsinin Milli Fəaliyyət Planının icrası ilə bağlı məlumatların, hesabatların “Elektron Monitorinq Sistemi” adlı portala yerləşdirilməsi təmin edilmişdir.
2017-ci il ərzində Dövlət Komitəsinin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Komitə tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılması təmin edilmiş, bununla əlaqədar press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlanaraq yayımlanmışdır.
Dövlət Komitəsinin bütün istiqamətlər üzrə fəaliyyəti KİV-də, Komitənin rəsmi veb səhifəsi olan www.scwra.gov.az saytında, “Cəmiyyət və Din” qəzetində, sosial şəbəkələrdə (“facebook”, “twitter”) operativ şəkildə işıqlandırılmışdır. Saytın “qaynar xətt” bölməsinə, rəsmi elektron poçt ünvanına və sosial şəbəkələrdəki (“facebook”, “twitter”) səhifələrinə daxil olan müraciətlər cavablandırılmışdır. Dövlət Komitəsinin keçirdiyi tədbirlər haqqında informasiyalar və fəaliyyətinə aid məlumatlar müxtəlif sosial şəbəkələrdə mütəmadi paylaşılmış və ictimaiyyətin diqqətinə çatdırılmışdır. Dövlət Komitəsinin “youtube” video portalında “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi–DQİDK” adlı video kanalının fəaliyyəti təmin olunmuş, həyata keçirilən tədbirlər, telekanallarda Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı işıqlandırılan materiallar video portalda yerləşdirilmişdir.
Hesabat dövründə DQİDK-nın “facebook” sosial şəbəkəsindəki “Dövlət və Din” səhifəsində Komitə tərəfindən həyata keçirilən tədbirlərin, rəsmi səfərlərin, Komitə sədrinin qəbullarının, Komitə sədri, sədr müavinləri və şöbə müdirlərinin müvafiq məsələlərlə bağlı mətbuatda dərc edilən müsahibələrinin, açıqlamalarının yayılması təşkil edilmişdir.
“Facebook” sosial şəbəkəsində, eyni zamanda Komitənin fəaliyyəti haqqında müxtəlif telekanallarda yayımlanan reportajların, süjetlərin yayımlanması və müvafiq formada yayılması prosesi, həmçinin müxtəlif görüşlər və tədbirlərlə əlaqədar çəkilən fotoşəkillərin sosial şəbəkələrdə aktiv yayımı həyata keçirilmişdir. Xurafat, dini radikalizm və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlərlə bağlı rəsmi məlumatlar dərc edilmiş, dini maarifləndirmə ilə bağlı təbliğat işi aparılmışdır.
Ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1200 sayt (o cümlədən, 400 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr arasında mütəmadi olaraq aparılan monitorinqin nəticələrinə əsasən, Dövlət Komitəsi ictimaiyyətə çatdırdığı xəbərlərin sayına görə ilk yerlərdə mövqe tutmuşdur.
Kargüzarlıq üzrə
Hesabat dövründə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” 314-İQ saylı, 10 iyun 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan, “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına baxılması, qəbul edilməsi və təsdiqi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 772 saylı, 24 avqust 2002-ci il tarixli Fərmanından, “İcra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında 472 saylı, 26 oktyabr 2006-ci il tarixli Fərmanından və Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli, 935 saylı Fərmanı ilə təsdiq olunmuş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişikliklər edilməsi barədə 15 iyul 2015-ci il tarixli Fərmanından irəli gələn vəzifələr daim diqqət mərkəzində saxlanılmışdır.
Ötən ildə Dövlət Komitəsinə 2578 məktub, 543 qanunvericilik sənədi daxil olmuşdur. Hazırda 56 məktub icradadır. “Nəzarətdədir” qriflə daxil olmuş 20 sənədin 19-u icra olunmuş, 1 sənəd (16-20 aprel 2018-ci il tarixdə San Fransisko və Los Anceles şəhərlərinə səfərlə bağlı) icra prosesindədir. Dövlət Komitəsi tərəfindən müxtəlif instansiyalara 667 məktub göndərilmişdir. Hesabat dövründə Dövlət Komitəsinin elektron poçt ünvanına 55 vətəndaş müraciəti daxil olmuş, müraciətlərin hamısına cavab verilmişdir.